Ana Səhifə| AdnanOktar.az| heyatingercekmenseyi.com

More Website Templates at!

MÜSƏLMAN HƏR BİR ŞƏRAİTDƏ QURAN
ƏXLAQINA GÖRƏ HƏRƏKƏT EDİR

Ailəsinə və yaxınlarına münasibətdə rəftarı

Dünya həyatına göz açdıqdan sonra ona illərlə baxan ata-anasının yaradılışı mömin üçün haqqında düşünməsi və Allaha şükür etməsi lazım gələn mövzulardan biridir. Ata-anası onu böyütmək üçün çox əziyyət çəkmişdir. Bununla bərabər Quran əxlaqına uyğun yaşayan bir insan hər zaman bir həqiqəti dərk edir. Möminin ata-anasını yaradan, onlara mərhəməti, şəfqəti və övlad sevgisini verən qüvvə Uca Allahdır. Allah aciz bir canlı olaraq doğulan insanın öz-özünə böyüyüb yetkin bir hala gəlməsi üçün onunla ata-anası arasında bir sevgi bağı yaratmışdır. Ata-anası onu bu sevgi bağı ilə illərlə bezmədən, böyük bir zövqlə böyütmüşdür. Allah ailənin insan həyatındakı əhəmiyyətini bir ayədə belə vurğulayır:

"Biz insana ata-anasına (yaxşılıq etməyi, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" ("Loğman" surəsi, 14).

Rəbbimiz ata-anaya qarşı necə münasibət bəsləməli olduğumuzu da Quranda tərif edir. Allah onlara qarşı xeyirxahlıqla davranmğı əmr etmişdir:

"De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin..." ("Ənam" surəsi, 151).

"Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik...". ("Əhqaf" surəsi, 15).

Mömin bu ayələrdəki hökmə uyğun olaraq ata-anasına qarşı hörmət və sevgi göstərir, onları razı edəcək şəkildə rəftar edir, hər fürsətdə gözəl sözlərlə onların könüllərini alır. Allah eyni zamanda onlara qarşı necə bir həssaslıq göstərilməsinin vacibliyini belə açıqlamışdır:

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" -belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (“İsra" surəsi, 23).

Allah bu ayə ilə bizə ata-anaya qarşı göstərilən mərhəmətin ölçüsünü də verir. Allah bu məsələdə ata-anaya qarşı edilə biləcək ən kiçik bir hörmətsizliyi və ya mərhəmətsizliyi "onlara "uf!" belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış!" ifadəsi ilə möminlərə yasaqlamışdır. Bu səbəblə möminlər hər dövrdə ata-analarına qarşı son dərəcə ehtiramlı, incə düşüncəli, xoşniyyətli və diqqətcil bir şəkildə davranırlar.
Möminlər valideynlərini rahat etmək üçün əllərindən gələni edir, hörmətdə və mərhəmətdə qüsur göstərməməyə çalışırlar. Yaşlılığın gətirdiyi çətinlik və sıxıntıları göz önünə gətirir və onların bütün ehtiyaclarını dilə belə gətirmədən anlayışla və şəfqətlə aradan qaldırmağa çalışırlar. Möminlər ata-analarının həm maddi, həm də mənəvi cəhətdən bir çatışmazlıqla qarşılaşmaması və onların rahatlığını təmin etmək üçün bütün imkanlarını səfərbər edirlər. Bundan başqa, hər nə olursa-olsun ürəkaçan və ehtiramlı davranış üsullarından imtina etmirlər.
Ancaq bütün bunlarla bərabər möminlərin ata-anaları ilə bağlı qarşılaşdıqları başqa bir hal da var. İman gətirən kimsələrin ata-anaları bəzən inkarçılıq yolunda ola bilərlər. Möminin belə bir etiqad fərqləri qarşısında göstərəcəyi davranış tərzi isə yenə ən gözəl sözlərlə və ürəkaçan bir üslubla onları doğru yola dəvət etməkdən ibarət olacaq. Hz.İbrahimin bütlərə inanan atası ilə etdiyi söhbətlər bizə belə bir vəziyyətdə istifadə edəcəyimiz üslub və göstərəcəyimiz davranış məsələsində yol göstərir:

"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!"" ("Məryəm" surəsi, 43-45).

Digər tərəfdən, bəzi insanlar valideynlərinin yaşlaşaraq qüvvədən düşdükləri dövrdə, köməyə və qayğıya möhtac olduqları anlarda onlardan üz çevirirlər. Bu gün belə hallar daha çox yayılmışdır. Maddi və mənəvi cəhətdən çox çətin vəziyyətdə olan, evlərində təkbaşına yaşamağa məcbur olan yaşlılarla tez-tez qarşılaşırıq. Bu mövzu üzərində düşünən bir insan görəcəkdir ki, bu problemin səbəbi Quran əxlaqına uyğun yaşanmamasıdır.
Quranı rəhbər tutan bir insan ata-anası ilə bərabər digər ailə üzvləri və ətrafındakı insanlarla da mərhəmətli və şəfqətli davranır. Qohumlarını, dostlarını və digər yaxınlarını Allahın dinini və Quran əxlaqını yaşamağa dəvət edir. Çünki Allah iman gətirənlərə dini izah etməyə yaxınlarından başlamağı "(Öncə) Ən yaxın qohumlarını qorxut!" ("Şüəra" surəsi, 214) ayəsi ilə əmr etmişdir.
Quran əxlaqının tam mənası ilə yaşandığı bir ailədə daima bir sakitlik, dinclik, əmin-amanlıq, ehtiram və sevinc hakimdir. Bu gün degenerasiya olmuş, korlanıb aşınmış bəzi ailələrdə müşahidə edilən qışqırmaq, çığır-bağır, hörmətsiz üslub və danışıqlar möminlərin arasında əsla ola bilməz. Möminlərin ailəsində hər kəs ailə üzvləri ilə birlikdə olmaqdan böyük zövq alır. Uşaqlar ata-analarına hörmət edir və onları ürəkdən sevirlər. Ailələr övladlarına Allahın bir əmanəti kimi baxır və onları qoruyurlar. Ailə deyiləndə ağıla o saat isti münasibət, sevgi, etibar, həmrəylik gəlir. Amma bunu təkrarən bildirmək lazımdır ki, bu mükəmməl ailə mühitinə ancaq din əxlaqının tam, qüsursuz və səmimi olaraq yaşanması ilə, Allah qorxusu və sevgisinə sahib olmaqla nail olmaq mümkündür.

Nemətlər qarşısında davranış

Vərdişin əmələ gətirdiyi baxış bucağını bir kənara qoyaraq hikmətli bir tərzdə ətraflarını müşahidə edən möminlər gördükləri hər şeyin Allahdan gələn bir nemət olduğunu anlayırlar. Gözlərinin, qulaqlarının, bədənlərinin, yedikləri bütün ərzaq və qidaların, nəfəslə alıb-verdikləri təmiz havanın, imkanlarının, sahib olduqları hər şeyin, mikroorqanizmlərdən ulduzlara qədər hər şeyin onların xidmətinə Uca Allah tərəfindən verildiyini anlayırlar. Belə ki, bu nemətlər sayılmayacaq qədər çoxdur. Rəbbimizin "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir!" ("Nəhl" surəsi, 18) ayəsində bildirdiyi kimi, nemətləri hətta siniflərə ayıraraq saymaq da mümkün deyil.
Mömin insan ona qanuni ölçülərdə verilən bütün dünyəvi nemətlərdən yararlanır, amma bunlara aldanaraq Allahı, axirəti və Quran əxlaqına uyğun şəkildə yaşamağı əsla unutmur. Əlinə nə qədər yaxşı imkanlar (pul, vəzifə və s.) keçirsə-keçsin, bu hal onun zəifləməsinə, təkəbbür göstərməsinə, bir sözlə, Quran əxlaqından uzaqlaşmasına səbəb olmaz. Çünki mömin insan bunların hamısının Allahdan gələn bir nemət olduğunu və Allahın istəsə, bunları geri ala biləcəyini dərk edir. Dünyadakı nemətlərin müvəqqəti və məhdud olduğunu, bu nemətlərlə sınandığını, əsl nemətlərin isə cənnətdə olduğunu ağlından çıxarmır.
Quran əxlaqına uyğun yaşayan bir insan üçün mal, mülk, mövqe kimi dünya nemətləri onun yalnız Allaha yaxınlaşması və şükür etməsi üçün bir vasitədir. Müvəqqəti bir zaman kəsiyində yararlandırıldığını bildiyi dünya nemətlərinə sahib olmaq mömin insan üçün heç bir zaman məqsəd deyil. Məsələn, dünya həyatında istifadə ediləcək ən uzunmüddətli nemətlərdən biri olan evin insana verdiyi fayda təxminən 60-70 illik bir ömür ərzində olacaq. İnsan onun dünya həyatı sona çatdığı zaman sahib ola bilmək üçün həyatı boyu çalışdığı, çox sevdiyi evini dünyada qoyub gedəcək. Aydındır ki, ölüm dünya nemətləri ilə insan arasında mütləq bir ayrılıq deməkdir.
Mömin ona verilən nemətlərin əsl və yeganə sahibinin Allah olduğunu, bunların yalnız Ondan gəldiyini bilir. Bu nemətləri var edən Rəbbimizə lazımınca şükür etmək, Ona məmnuniyyətini və minnətdarlığını bildirmək üçün əlindən gələni edir. Saysız nemətlərin əvəzində sözdə və əməli olaraq daim Allaha şükür edir, Onun nemətlərini xatırlamağa və izah etməyə çalışır. Bu mövzuda bəzi ayələr belədir:

"Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və Rəbbinin sənə olan nemətindən söhbət aç!" ("Duha" surəsi, 5-11).

"Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!" ("Əraf" surəsi, 69).

Bəzi adamlar Allaha şükür etmək üçün onlara çox böyük, çox gözəl bir nemətin gəlməsini və ya çox böyük problemlərinin həll olunmasını gözləyirlər. Lakin bir az diqqət etsək, insanın hər bir anının nemət içində keçdiyini görərik. Həyatı, səhhəti, ağlı, şüuru, beş duyğu üzvü, nəfəs aldığı hava və bunlara bənzər saysız-Hesabsız nemətlər ona fasiləsiz bir şəkildə, hər an verilir. Bu nemətlərin hər biri üçün ayrıca şükür etmək lazımdır. Allahı xatırlamaqda, yaradılış dəlillərini düşünməkdə zəiflik edən kimsələr qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olduğu zaman bilmir, bunlara görə şükür etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman onların dəyərini anlayırlar.
Möminlər isə sahib olduqları hər nemət qarşısında nə qədər aciz və ona nə dərəcədə möhtac olduqlarını düşünərək daim Allaha şükür edirlər. Möminlər Allaha yalnız zənginlik, mal-mülk və başqa maddi nemətlərə görə şükür etmirlər. Hər şeyin sahibinin və hakiminin Uca Allah olduğunu bilən möminlər öz sağlamlıqları, gözəllikləri, bilikləri, ağılları, imanı sevmələri, inkarçılığı çirkin saymaları, hidayət əhli olmaları, möminlərlə birlikdə olmaları, bəsirət və fərasət sahibi olmaları, fiziki və mənəvi güclərinə görə Rəbbimizə şükür edirlər. Möminlər gözəl bir mənzərə görərkən və ya işləri asan həll olunarkən, istədikləri bir şey həyata keçərkən, gözəl bir söz eşidərkən, sevgi və hörmət görərkən və daha saymaqla bitməyəcək qədər çox nemətlə qarşılaşarkən o an Allaha şükür edir, Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhim olduğunu düşünürlər.
Əgər mömin ona verilən nemətlərə görə azğınlaşmayacağını, təkəbbür göstərib lovğalanmayacağını etdiyi şükürdə, bütün davranış və danışıqları ilə Allaha göstərərsə, Allah ona daha artıq nemət verər. Allahın Quranda verdiyi "Əgər mənə şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!" (“İbrahim" surəsi, 7) hökmü bunu ifadə edir.
Bütün nemətlər eyni zamanda insanın dünyada qarşılaşdığı imtahanın bir parçasıdır. İman gətirənlər bu səbəbdən şükür etməklə bərabər onlara verilən nemətlərdən mümkün qədər xeyirli işlərdə yararlanır, xəsislik edərək onları yığıb toplamırlar. Çünki xəsislik edərək yığıb toplamaq cəhənnəm əhlinin bir xüsusiyyətidir. Rəbbimiz buna Quranda belə diqqət çəkir:

"Xeyr. Həqiqətən, o alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. Çağırır çıxanı, üz döndərəni. Və yığıb saxlayanı! Həqiqətən, insan çox həris yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar" ("Məaric" surəsi, 15-21).

Allah "ehtiyacınızdan artıq qalanı"nın ("Bəqərə" surəsi, 219) xeyirli və savab işlərə sərf olunmasını əmr edir. Quran əxlaqına görə, möminlər qazanclarından ehtiyaclarından artıq qalan hissəsindən xeyirli işlərdə, Allah yolunda istifadə edirlər.
Əlbəttə, nemətlərə görə şükür Allahın verdiyi bütün nemətləri Allah rizası üçün istifadə etməklə olur. Mömin ona verilən hər şeyi Allahın əmr etdiyi xeyirli işlərə sərf etməyə görə məsuliyyət daşıyır. Mömin insan Allahın ona verdiyi maddi imkanlarla bərabər bədənindən də Onun rizası üçün, onun yolunda səy göstərmək üçün istifadə edir və Allahın razılığını, rəhmətini və həmişə nemətlərlə dolu olan cənnəti qazanmağa ümid edir:

"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır..." ("Tövbə" surəsi, 111).

Quran əxlaqını yaşayan fərdlərdən təşkil olunan bir cəmiyyətdə yoxsulluq, aclıq, səfalət və bu kimi digər çətinliklərin meydana çıxardığı qarşıdurma, dava, oğurluq, cinayət kimi çirkin əməllər ortadan qalxar. Beləliklə, rahatlıq və rifah Allahın izni ilə ən yüksək səviyyəyə çatar.

Gözəlliklər qarşısındakı davranışı

Zənginlik, əzəmət, dəbdəbə və gözəllik cənnətin xüsusiyyətlərindən olduğu üçün Allah cənnəti xatırladacaq, möminin cənnətə qovuşma arzusunu və həyəcanını artıracaq nemətlərin oxşarlarını bu dünyada da onlara verib.
Dayanmadan axan çaylardan görməli məkanlara, heyrətamiz dərəcədə gözəl olan bağçalardan insanların fiziki gözəlliyinə, estetik tikililərdən gözoxşayan sənət əsərlərinə qədər bütün nemətlər Allahın insanlara bir lütfüdür. Dünya həyatında bu nemətlərin hər birinin yaradılışının hikməti var. Möminlər yer üzündəki bütün gözəllikləri onların orijinalının bir bənzəri, nümunəsi və müjdəsi kimi dəyərləndirirlər. Allah iman gətirənləri Quranda bu şəkildə müjdələyir:

“İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün altından çaylar axan cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə yediyimiz ruzidir", - deyəcəklər. Əslində isə bu onlara -bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr  də var. Onlar orada əbədi qalacaqlar" ("Bəqərə" surəsi, 25).

Axirətdəki nemətlər dünyadakı nemətlərə nə qədər bənzəsə də, onlar gerçəklik və daimilik baxımından dünyadakılardan müqayisə olunmayacaq qədər üstündür. Allah cənnəti qüsursuz bir şəkildə yaradıb və gözəllikləri qat-qat artırılan nemətlərlə təchiz edib. Quran əxlaqına sahib olan bir insan gördüyü hər gözəlliyin cənnətdəki üstün yaradılışını və möhtəşəmliyini düşünür. Göy üzünə baxarkən "genişliyi göylərlə yer üzü qədər" ("Ali-İmran" surəsi, 133) olan cənnətin böyüklüyünü; gözəl məskənlər görərkən "altındakı çaylar axan cənnət guşələrini" ("Ənkəbut" surəsi, 58); gözqamaşdırıcı daş-qaş görərkən "qızıl bilərziklər və incilərlə" ("Fatir" surəsi, 33) yaradılmış cənnət bəzəklərini; qəşəng və zərif geyimlərlə qarşılaşanda "nazik və qalın ipəkdən" ("Kəhf" surəsi, 31)hazırlanmış cənnət paltarlarını; ləzzətli qida və içkilər dadanda cənnət "orada dadı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar" ("Muhamməd" surəsi, 15)olduğunu; gözoxşayan bağçalar görəndə "yamyaşıl" ("Rəhman" surəsi, 64) cənnət bağçalarını; estetik mebellər qarşısında cənnətdəki "bəzənmiş taxtları" ("Vaqiə" surəsi, 15)düşünür. Bu düşüncələrə görə də dünyadakı bütün gözəlliklər iman gətirən bir insan üçün onlara sahib olub-olmamasından asılı olmayaraq böyük bir zövq qaynağı və şükür vasitəsidir. Eyni zamanda cənnət həsrətini və səyini artıracaq önəmli bir şövq qaynağıdır.
Quran əxlaqına uyğun yaşayan bir mömin özündən daha gözəl və ya daha varlı olan bir adamı qısqanmaz, sahib olduğu var-dövlətə görə ona hirslənməz. Bir çox insanlar kimi özünü göstərən, özünü gözə soxan, özünü nümayiş etdirən bir ev sahibi olmadığı üçün heyfsilənməz. Çünki möminin həyatının əsas qayələrindən biri bu gözəlliklərə müvəqqəti bir zaman ərzində deyil, əbədi olaraq, sonsuza qədər sahib olmaqdır. Əbədi olan isə əsl yurd olan axirətdir. Allah Quranda buna "Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlə müjdələyir" ("Tövbə" surəsi, 21) ayəsi ilə diqqət çəkir.
Quran əxlaqından uzaq yaşayan insanlar isə axirətin əsl yurd olduğunu qulaqardına vuraraq dünya nemətlərinə həvəslə, dördəlli bağlanırlar. Onların başlıca məqsədi özlərini təriflətmək, özlərinə görə "hörmətli" və "əhəmiyyətli" bir adam olmaq, maddi imkanlarını genişləndirmək və rahat bir həyat yaşamaqdır. Onlar bütün həyatları boyu müvəqqəti, əhəmiyyətsiz və aldadıcı dünya nemətlərinin arxasınca qaçırlar. Özlərinin sahib olmadığı gözəllikləri görmək isə sadəcə qısqanclıqlarını, hirslərini və üzüntülərini artırır. Məsələn, belə adamlar onlara məxsus olmayan gözəl və dəbdəbəli bir evdə olanda bundan zövq ala bilmirlər. Beyinlərini daim "Niyə mən bu qədər varlı deyiləm?", "Niyə mənim belə bir gözəl evim yoxdur?" kimi suallarla məşğul edirlər. Yer üzərindəki gözəl olan şeylər bu insanlar üçün ümumiyyətlə bir sıxıntı və dərd-qəm qaynağıdır, çünki onlar bu gözəlliklərdən zövq ala bilmək üçün mütləq həmin gözəl şeylərə sahib olmağın lazım gəldiyini düşünürlər.
Halbuki Quran əxlaqına uyğun yaşayanlar bu gözəlliklərə sahib olsalar da, olmasalar da onlardan zövq almağı bacarırlar. Məsələn, imani şüura sahib olan bir insan zəngin insanlara xas olan şəraitdə yaşamır, belə şəraitlərdə ola bilmir, mümkündür ki, belə şəraitləri hətta görmür. Ancaq o, içində olduğu bu mühitin mütləq bir hikmətinin olduğunu bilir. Çünki möminin Allahın yaratmasındakı gözəllikləri görməsi və ya anlaması üçün mütləq orada olmasına ehtiyac yoxdur. Mömin insan Allahın bənzərsiz yaratma gözəlliklərini öz fərasəti və bəsirəti ilə hər yerdə və hər an dərk edir. Gecələr göy üzündə ulduzların əmələ gətirdiyi əzəmət, bir gülün rəngindəki, quruluşundakı, qoxusundakı bənzərsiz gözəllik gün ərzində hamının rastlaşacağı və qiymətləndirəcəyi nümunələrdən bir neçəsidir.
Daha öncə də bildirdiyimiz kimi, möminlərin cənnətə olan həsrəti onların öz ətraflarını cənnəti xatırladan məkanlara çevirməsinə səbəb olur. Cənnət əlbəttə ki, hər insanın xəyalına gətirə biləcəyindən daha artıq gözəl olan sənət əsərlərinə, dünyada heç bir insanın nail ola bilmədiyi qüsursuzluqda olan təsvirə və gözəlliklərə sahib olan bir məkandır. Yalnız Quran əxlaqına uyğun yaşayan bir müsəlman dünyada sahib olduğu bütün imkanlardan istifadə edərək öz ətrafını əlindən gələn qədər gözəlləşdirməyə çalışır. Allah Quranda Hz.Süleymanın çox üstün bir sənət anlayışına sahib olduğuna diqqət çəkir. Hz.Süleymanın köşkündə həqiqi bir sənət - estetika və gözəllik hakimdir. Rəbbimiz Süleyman peyğəmbərin Allahın bir neməti olan zənginlikdən və əzəmətdən çox böyük zövq almasına bir ayədə belə diqqət çəkir:

"O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm..."" ("Sad" surəsi, 32).

Böyük mövqe, böyük var-dövlət və hakimiyyət verilən Hz.Süleyman sahib olduğu bütün nemətlərdən Allah yolunda və Onun istədiyi şəkildə istifadə etmişdir. Bu səbəblə də Quranda təriflənmişdir. Möminlər də Hz.Süleymanı və digər peyğəmbərləri özlərinə nümunə götürür, əllərinə keçən hər cür neməti eynilə bu müqəddəs insanlar kimi Allahın rizasını qazanmağa sərf edirlər.

Pis kimi görünən hadisələr qarşısındakı davranışı

Hər insan gün ərzində müxtəlif çətinliklərlə qarşılaşa bilər. Ancaq möminlər qarşılaşdıqları çətinliklərin nə olmasından asılı olmayaraq Allaha təslim olur, Onu özlərinə vəkil edir, (təvəkkül edərək) belə düşünürlər: "Allah bizi bu dünya həyatında hər etdiyimizlə və hər düşündüyümüzlə sınayır. Bu, bir an belə unudulmayan çox önəmli bir həqiqətdir. Elə isə gördüyümüz hər hansı bir işdə çətinliklə qarşılaşdığımız və ya işlərin qaydasında olmadığını düşündüyümüz zaman Rəbbimizin bunların hamısını bizi sınamaq üçün qarşımıza çıxardığını qətiyyən unutmamalıyıq".
Allah insanların qarşılaşdığı hər cür hadisənin Ondan olduğunu bir ayədə belə bildirir:

"De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"" ("Tövbə" surəsi, 51).

Imanlı bir şüurla düşünən hər kəs bilir ki, yaşanan və qarşımıza çıxan hər bir hadisə Allahın nəzarətindədir və onun dünya və axirət üçün mütləq bir xeyiri var (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Hər şeydə xeyir görmək"). Məsələn, insanın sevdiyi bir əşyasını itirməsində bir çox faydalar var. Kənardan baxanda pis kimi görünən bu hadisə möminin öz səhvlərini görməsinə, diqqətli olmasına, bəzi məsələlərdə daha çox tədbir görmək barədə düşünməsinə səbəb olur. Bununla bərabər insanın heç bir şeyə sahib çıxmaması lazımdır, çünki hər şeyin tək sahibinin Allah olmasının xatırlanması da bu tip hadisənin digər bir xeyirli cəhətidir.
Haqqında bəhs edilən vəziyyət gündəlik həyatda qarşılaşdığımız hər bir böyük və ya kiçik hadisəyə aiddir. Məsələn, bir iş yerində səhv anladığı üçün və ya birinin diqqətsizliyi ucbatından səhv yerə pul ödəmələri ola bilər; saatlarla kompüterdə üzərində işlənən bir iş elektrik kəsildiyinə görə bir anda yox ola bilər; gənc bir tələbə həddindən artıq çox oxumasına baxmayaraq o gün xəstələndiyi üçün universitet imtahanına getməyə bilər; bir insan çox təcili getməli olduğu bir yerə gedərkən təyyarəsinə, avtobusuna çatmaya bilər... Hər kəsin öz həyatı boyunca qarşılaşa biləcəyi bu cür çətin və tərs kimi görünən hadisələr var.
Ancaq bu hadisələrin hər birində iman sahibi olan bir insan üçün bir çox gözəlliklər var. Mömin insan hər şeydən öncə Allahın onun davranışını və səbrini sınadığını, öləcək və axirətdə hesab verəcək bir insanın bu hadisələrə görə kədərlənib vaxt itirməsinin yersiz olduğunu düşünür. Hər hadisənin arxasında bir xeyir olduğunu bilir. Heç bir hadisə qarşısında "Heyf!" demir. İşlərini asanlaşdırması və hər şeyi faydalı hala gətirməsi üçün Allaha dua edir. Və bir çətinlikdən sonra asanlıq gələndə o an bunun Allaha etdiyi duanın bir əvəzi olduğunu, Allahın duaları eşidən və onları qəbul edən olduğunu düşünür və Allaha şükür edir.
Bunları düşünərkən gününə davam edən insan nə ilə qarşılaşırsa-qarşılaşsın əsla ümidsizliyə qapılmır, narahat olmur, qorxub kədərlənmir, çarəsiz vəziyyətdə qalmır. Allahın bunları mütləq bir xeyir və gözəllik əsasında yaratdığını bilir. Üstəlik bunu yalnız başına gələ biləcək böyük hadisələrdə deyil, bir az öncə bəhs etdiyimiz kimi, gündəlik həyatı içində qarşılaşdığı irili-xırdalı hər məsələdə düşünür.
Məsələn, təsəvvür edin ki, bir insanın planlaşdırdığı mühüm bir işi istədiyi kimi getmir, tam uğur əldə etmək üzrə ikən son anda ciddi bir problemlə qarşılaşır. Bu insan bir anda hirslənir, sıxıntıya düşür, kədərlənir, qısası, hər cür çətinliyi yaşayır. Halbuki hər şeydə bir xeyir olduğunu düşünən bir insan Allahın bu hadisə ilə ona göstərdiyi hikmətləri düşünüb tapmağa çalışır. Bu mövzuda daha qəti tədbir görməsinə Allahın diqqət çəkmiş ola biləcəyini düşünür. Texniki cəhətdən lazım olan bütün tədbirləri görür və "bəlkə də bu şəkildə daha mühüm zərərlərin əmələ gəlməsinin qarşısı alındı" deyərək Allaha şükür edir.
Bir yerə getməyə çalışarkən minəcəyi avtobusa çatmasa, "Bəlkə gecikməyim və ya avtobusa minməməyim məni bir qəzadan və ya başqa bir pislikdən qorumuşdur" deyə düşünür. Bunlar sadəcə olaraq bir neçə nümunədir. "Bunun kimi daha bir neçə hikmət ola bilər" deyə düşünür. İnsanın gündəlik həyatında belə nümunələrdən çox göstərə bilərik. Amma burada əhəmiyyətli olan məsələ budur: insanın qurduğu planlar həmişə onun istədiyi kimi nəticə verməyə bilər. Belə bir vəziyyətdə təvəkkül edən, qarşılaşdığı hadisədə xeyir axtaran adam çox şey qazanır. Çünki Allah ayəsində insanlara belə bildirir:

"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz" ("Bəqərə" surəsi, 216).

Allahın bildirdiyi kimi, biz nəyin xeyirli, nəyin zərərli olduğunu bilə bilmərik, bunu ancaq Uca Allah bilir. İnsanın yeganə vəzifəsi sonsuz mərhəmət sahibi olan Rəbbimizi dost etmək və Ona tam bir təslimiyyətlə təslim olmaqdır.
İnsan dünya həyatında sahib olduğu hər şeyini bir anda itirə bilər. Bir yanğın evini, iqtisadi böhran bütün sərmayələrini və ya bir hadisə sevdiyi, qiymətləndirdiyi əşyalarını itirməsinə səbəb ola bilər. Allah Quranda insanların bu şəkildə sınaqdan keçirilməsindən belə bəhs edir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155).

Allah insanlara müxtəlif şəkillərdə sınaqlardan keçiriləcəklərini xəbər verərkən qarşılaşdıqları bu çətin vəziyyətlərdə səbir edənlərə də gözəl bir müjdə vermişdir. Allahın ayədə tərif etdiyi səbir, məsələn, itən əşyanı tapmayınca yaranmış vəziyyəti məcburən qəbul edərək səbir etmək deyil. Səbr itən əşya nə qədər böyük və əhəmiyyətli olursa olsun, insanın bunu eşitdiyi və ya bildiyi andan etibarən son dərəcə təvəkküllü, təslimiyyətli davranmasıdır. Hər şeyi edənin Allah olduğunu ağlından çıxarmadan, sabit rəftar və davranışını davam etdirməsidir.
İnsan gün ərzində daha mühüm itkilərlə də qarşılaşa bilər. Məsələn, ehtiyaclarını ödəmək üçün gününün əhəmiyyətli bir hissəsini keçirdiyi iş yerini itirmək bütün gələcəyinin yalnız ona bağlı olduğuna inanan insanlar üçün çox əhəmiyyətli məsələdir. Belə ki, cahil əxlaqa sahib olan insanlar uşaqlıqdan etibarən yaxşı bir iş sahibi olmaq üçün yetişirlər. Belə adamlar həyatlarının hər anında daha yaxşı bir işdə işləməyi və ya işində yüksəlməyi arzulayırlar. Buna görə də sahib olduqları işi itirmək onların böhran və sıxıntı dolu günlər keçirməsinə, elə öz sözləri ilə desək, "həyatlarının alt-üst olmasına" səbəb olur.
Digər tərəfdən, mömin ona ruzi verən qüvvənin Allah olduğunu və işin yalnız bir səbəb olduğunu bilir. Başqa sözlə, iş mömin insan üçün Allahın verdiyi nemətlərin ona çatmasında yalnız bir vasitədir. Buna görə də işdən çıxarılmaq kimi hadisələr iman gətirən insanların səbir və təvəkküllə qarşıladığı hadisələrdir. Onlar belə bir halda gözəl şəkildə səbir edir, Allaha dua və təvəkkül edirlər. Ruzini verənin və onu istədiyi zaman alanın yalnız Uca Allah olduğunu heç bir zaman unutmurlar.
Quranı özünə rəhbər tutan bir insan işini itirmək, ziyana düşmək, istədiyi bir məktəbdə oxuya bilməmək kimi bir vəziyyətlə qarşılaşanda o an öz davranış və düşüncələrini nəzərdən keçirir. Allahın razı olub-olmadığı bir hərəkətinin olub-olmaması barədə düşünür və ağlından aşağıdakı ehtimalları keçirir: "Ola bilərmi ki, itirdiyim mal-mülk və ya əşya üçün kifayət qədər şükür etməmiş olum?"; "Ola bilərmi ki, ixtiyarıma verilən nemətlərdə xəsislik və ya nankorluq etmiş olum?"; "Allahı və axirəti unudaraq malıma, mülkümə hərisliklə sahiblənmiş ola bilərəmmi?"; "Ola bilərmi ki, sahib olduqlarıma görə təkəbbür göstərib Allahın yolundan və Quran əxlaqından uzaqlaşmışam?"; "Allah rizası üçün deyil, başqalarının razılığını, tərifini qazanmaq və ya öz nəfsinin istək və arzularını təmin etmək üçün çalışa bilərəmmi?" və s.
Mömin bu suallara öz içində vicdanlı və səmimi bir şəkildə cavab verir. Verdiyi cavablara əsasən də Allahın razı olmadığı davranışlarını düzəltməyə çalışır və bu davranışlarını düzəltmək üçün Allaha dua edir. Səmimi bir şəkildə Allaha yönəlir. Yanılaraq və ya fərqində olmadan etdiyi və ya düşündüyü hər səhv şeydən Allaha sığınır. Allah iman gətirənlərin belə dua etdiklərini Quranda xəbər verir:

"Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən..." ("Bəqərə" surəsi, 286).

İnsan imtahan olaraq bir-birinin ardınca itkilərlə də qarşılaşa bilər. Ancaq dərin imana sahib olan bir insan burada da hikmətlər olduğunu bilir. Bu hikmətlərin ən önəmlilərindən biri isə insanın çətinliklərlə mənəvi cəhətdən tərbiyə olunmasıdır:

"Allah sizi əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməməyiniz üçün qəminizin üstünə qəm qoydu. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!" ("Ali-İmran" surəsi, 153).

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!" ("Hədid" surəsi, 22-23).

Mömin üçün gün ərzində bir-birinin ardınca qarşısına çıxan çətinliklər onun imtahanda olduğunu xatırlamasına, laha yaxınlığının artmasına, kamilləşməsinə və Quran əxlaqına sarılmasına səbəb olur. Mömin insan Allahın bununla onu tərbiyə etdiyini və axirətdəki sonsuz nemətlərə hazırladığını bilir.

Xəstələndiyi zaman

İmanlı bir düşüncəyə sahib olan bir insan hər hansı xəstəlik halında da son dərəcə səbirli və təvəkküllüdür. O, xəstəliyin də Allahın bir imtahanı olduğunu bilir. Buna görə xəstəliyi nə qədər şiddətli olsa da səbir edir və Allaha səmimiyyətlə dua etməkdə davam edir. Çünki xəstəliyi yaradan da, şəfa verən də Uca Allahdır. Möminin xəstəlik dövründə göstərdiyi səbri Allah Quranda "yaxşı əməl" adlandırır və tərifləyir:

"...Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" surəsi, 177).

Möminlər gözəl bir şəkildə səbir edərkən sağlığına qovuşmaq üçün lazım olan müalicəni qüsursuz şəkildə qəbul edir. Hissiyyata qapılmır, uşaq kimi davranaraq özünü ətrafdakıların diqqət mərkəzinə gətirməyə çalışmır. Xəstəliyinin müalicəsi üçün təklif olunan dərmanları və müalicəni ağılla və diqqətlə qəbul edir. Bu davranış onun Allaha olan əməli duasıdır. Mömin eyni zamanda Quran əxlaqına uyğun yaşamasının bir nəticəsi olaraq Allahın ona yardım etməsi və şəfa verməsi üçün daim dua edir. Allah iman gətirənlərin bu davranışına Quranda Hz.Əyyubu nümunə göstərir. Hz.Əyyub xəstələnəndə Allahın mərhəmətinə belə sığınmışdı:

"Əyyubu da bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!"" ("Ənbiya" surəsi, 83).

Bunu da xüsusilə vurğulamaq lazımdır ki, istifadə olunan dərmanların hamısı xəstəliyin sağalması üçün bir səbəbdir. Əgər Allah istəsə, qəbul edilən müalicəni səbəbə çevirərək adamın sağalmasına icazə verir. Xəstəliyin müalicəsində istifadə olunan tibbi imkanları, dərmanların hazırlanmasında istifadə olunan mikroorqanizmləri, heyvanları və bitkiləri yaradan qüvvə Uca Allahdır. Qısası, şəfanı yaradan yalnız Allahdır. Allah Quranda bu həqiqətə Hz.İbrahimin "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" ("Şuara" surəsi, 80) ifadəsi ilə diqqət çəkir.
Cahil cəmiyyəti təşkil edən fərdlər isə xəstələnərkən o an üsyankar bir davranış göstərirlər. "Niyə mənim başıma belə bir hadisə gəldi?" deyə alın yazısı, qədər, tale həqiqətinə son dərəcə zidd bir davranış göstərirlər. Bu yanlış məntiqlə hərəkət edən insanların bir xəstəlik anında təvəkkül etməsi və ya qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxması mümkün deyil.
Halbuki möminlər xəstəlikləri Allaha yaxınlaşmaq üçün çox önəmli bir fürsət kimi dəyərləndirir və xəstəliklərin arxasındakı gizli hikmətlər barədə düşünürlər. Onlar sağlamlığın nə qədər böyük bir nemət, insanın isə nə qədər aciz olduğunu bir daha anlayırlar. Adi bir xəstəlik sayılan qrip mikrobu belə insanın yatağa düşməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə insan nə qədər güclü, qürurlu və zəngin olursa-olsun yenə acizdir, dərman içmək və istirahət etmək məcburiyyətindədir. Bu vəziyyət insana Allaha möhtac olduğunu xatırladır, Allahın adını ürəkdən anmasına və Ona yaxınlaşmasına bir vasitə olur. Bundan başqa, hər xəstəlik möminə dünyanın faniliyini, ölümün və axirətin yaxınlığını xatırladan bir xəbərdarlıq xarakteri daşıyır.

Pis və cansıxıcı şəraitdə göstərdiyi davranış

İnsan bəzən sıxıntılı və narahat şəraitlərdə ola bilər. Zibil yığınları ilə dolu bir yol kənarı, ürəkbulandıran qoxuların hakim olduğu bir mətbəx, dar, qaranlıq və xəlvət yerlər kimi... Möminlər üçün hər şey kimi pis və cansıxıcı mühitlərin yaradılmasının da hikmətləri var. Bu tip yerlər möminə cəhənnəmi, dünyadakılarla müqayisə edilməyəcək dərəcədə pis bir mühitdə davam edən əzabı xatırladır. Həmçinin Allah Quranda cəhənnəmin pis bir yer olduğunu "Doğrudan da o, nə pis məskən, nə pis yerdir!" ("Furqan" surəsi, 66) ayəsi ilə bildirir, cəhənnəmdəki çirkin təsvirləri, qaranlığı, pisliyi bir çox ayələrdə xəbər verir:

"Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərində olanlar!) Kimdir onlar?! Onlar səmum yeli (qızmar atəş) və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! Nə sərin, nə də xoşagələndir" ("Vaqiə" surəsi, 41-44).

"Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!" ("Furqan" surəsi, 13-14).

Allahın bu ayələrini xatırlayan adam o an onu cəhənnəm əzabından qoruması üçün Rəbbimizə dua edir, etdiyi xətalara görə bağışlanma diləyir.
Allahın Quranda bildirdiyi təsvirlərə görə, cəhənnəm pis iy qoxuyan, dar, gurultulu, qaranlıq, hisli, dumanlı, cansıxıcı bir yerdir. Təhlükəsiz olmayan şəraitləri, hüceyrələrə işləyən yandırıcı bir istiliyi var. Ən iyrənc yeməklər və içkilər cəhənnəmdədir. Orada alovdan paltarlar var və cəhənnəmdəki bütün əzablar fasiləsiz şəkildə davam edəcək. Dərilərin odda qovrulacağı, insanların çıxmaq üçün yalvaracaqları, hətta ağrıya görə ölmək istəyəcəkləri cəhənnəm bəzi tərəflərinə görə nüvə müharibəsindən sonrakı dünyanı təsvir edən filmlərdəki mühitə bənzədilə bilər. Ancaq bu filmlərdəki qaranlıq, olduqca pis yerləri cəhənnəmdəki mühitlə müqayisə etmək mümkün deyil. Bu, sadəcə bir bənzətmədir. Cəhənnəm bizim dünya həyatına baxaraq təsəvvür edə biləcəyimiz ən pis mühitlərdən daha pis, daha qorxulu bir yerdir.
Dünyada dar, pis, qaranlıq və isti yerlər insan nəfsinə çox əziyyət verən yerlərdir. Cəhənnəmdə isə bu boğucu atmosfer çox möhkəm bir şəkildə hakimdir. Dünyadakı istiyə qarşı bir çox tədbirlər görə bilən insan cəhənnəmdə çarəsizdir. Mühit ən isti çöldən daha isti, ən qaranlıq, cansıxıcı hücrələrdən daha cansıxıcı və pisdir. İsti Rəbbimizin bir ayəsində bildirdiyi kimi, insanın ən kiçik parçası olan hüceyrələrinə qədər işləyir. İnkarçılar üçün qovurucu istiyə qarşı bir qoruyucu, rahatlanmaq və ya sərinləmək imkanı yoxdur. Bunlarla bərabər cəhənnəmdə duyğu üzvlərinin dünya həyatındakından daha həssas və qüvvətli olduğu bir həyat var. Dünyada hiss edilən ağrıların bir çoxu qısa bir müddət sonra yüngülləşməyə başlayır, yaralar yaxşılaşır, hətta şiddətli ağrı verən bir çox yanıqların yaraları belə bir müddət sonra sağalıb bitişir. Cəhənnəmdə isə insan ağrı-acını bütün mümkün hallarda və həmişə, özü də ən şiddətli dərəcədə hiss edir və bu ağrı - Allahın diləməsi xaricində - heç vaxt bitmir.
Dünyada insanın qarşılaşdığı pis və baxımsız məkanların digər bir hikmətini isə bu nümunə ilə izah edə bilərik: insan unutqanlıq və ya diqqətsizlik səbəbi ilə bir yeri təmizləməyə bilər. Ancaq o, haqqında bəhs edilən pis məkanı görən kimi Allahın ona əslində nə qədər böyük lütf etdiyini və bunun müqabilində də özünün nə qədər səhv davrandığını anlayır. Çünki Allah ona yaşaya biləcəyi ideal bir yer vermişdir və o bu yerdə bir qonaqdır. Buna görə də ona verilən hər neməti ciddi qorumalı və Allaha şükrünü əməlləri ilə də göstərməlidir. Əks halda o, Allahın razı olmayacağı şəkildə hərəkət etmiş olur. Bunu düşünən mömin o an səhvini anlayaraq Allaha sığınır, lazımi təmizliyi edərək xətasının əvəzini ödəyir və bir daha belə bir xətaya düşməməyə çalışır.

Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb.Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.